Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Ziyalılar

Akademik Lütfi Zadə işdən çıxarılıb

with 4 comments

90 yaşlı akademik, qeyri-səlis məntiqin yaradıcısı Lütfi Zadə noyabrın 7-də Berklidəki Kaliforniya Universitetində tutduğu professor vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə AzQosKomediyaya eksklüziv olaraq akademikin qohumları məlumat veriblər.

Lütfi Zadə Berklidə kompyuter elmləri, məntiq, riyaziyyat, fizika və elektromühəndislik sahəsi üzrə dərs deyirdi.

Universitet rəhbərliyi akademikin işdən çıxarılmasını onun Kaliforniya ştatının əmək məcəlləsini pozması ilə əlaqələndirsə də, əksini deyənlər də var. Onlar iddia edirlər ki, akademik öz ictimai-siyasi mövqeyinə görə hakimiyyət tərəfindən cəzalandırılıb.

Lütfi Zadə son vaxtlar ABŞ Prezidenti Barak Obamanın və Konqresin iqtisadi siyasətini kəskin tənqid edir, milli birliyin pozulmasında və əxlaq böhranında onları günahkar sayırdı.

Lütfi Zadə son olaraq noyabrın əvvəli Nyu-Yorka səfər etmiş və “Uol-Striti işğal et” (Occupy Wall Street) hərəkatına canlı dəstək olmuşdu.

Amerikanın tanınmış ziyalısı, məşhur siyasi aktivist Noam Çomski hesab edir ki, Lütfi Zadəyə qarşı təzyiqlərin arxasında birbaşa Ağ Ev dayanır:

Təbii, biz hamımız hər şeyi bilirik. Bu təzyiqlər birbaşa Vaşinqtondan gəlir. Amma onlar bilmirlər ki, bu yollarla biz ziyalıları susdura bilməzlər. Daha susmaq olmaz, biz uçuruma gedirik.

ABŞ-ın müxalifətdə olan Respublikaçılar partiyası Lütfi Zadəyə artıq öz dəstəyini bildirib və Berkli Universitetinin bu qərarını qınayıb. Facebook və Twitter isə akademikə dəstək mesajları ilə doludur.

Azərbaycan Dövlət Neft Akademiyası da Lütfi Zadəyə dəstək aksiyasına qoşulub. Akademiyanın rektoru Siyavuş Qarayev Lütfi Zadəni dərs demək üçün Bakıya dəvət edib. Neft Akademiyasında akademik azadlığa həmişə müqəddəs yanaşıldığını deyən rektor, Lütfi Zadə üçün xüsusi kafedranın yaradılacağını da vəd edib.

Advertisements

Written by Ali S. Novruzov

Noyabr 9, 2011 at 8:36 axşam

Osminoq Qarabağı Azərbaycana qaytardı

leave a comment »

Ziyalılar Oberhauzenli onurğasıza Prezidentdən “Şöhrət” ordeni istədilər.

Futbol üzrə son dünya çempionatı zamanı oyunların qalibini öncədən müəyyən etməklə bəşəriyyəti heyrətə salan Oberhauzenli osminoq Paul Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də qoşulub.

Minsk qrupunun həmsədrlərinin çoxsaylı xahişlərindən sonra ağır vasitəçilik missiyasını öz üzərinə götürən səkkizayaqlı ilbiz 20 ildən çoxdur ki, öz həllini tapmayan münaqişəyə dərhal son qoyub. Belə ki, Paul Azərbaycan bayrağı qoyulmuş qabdakı yeməyi Ermənistan bayrağı qoyulmuş qabdakı yeməyə tərcih etməklə Qarabağın da Azərbaycana qaytarılması barədə yekun qərar qəbul edib.

Osminoqun qərarı Bakıda böyük sevinc və yüksək əhval-ruhiyyə içərisində qarşılanıb. Paulun şərəfinə üç gün rəsmi bayram elan olunub və üçüncü günün sonu dünyadada analoqu olmayan atəşfəşanlıq planlaşdırılır.

Azərbaycan Yazıçılar Birliyi, Aşıqlar Birliyi, Jurnalistlər Birliyi, Bəstəkarlaq İttifaqı və Milli Elmlər Akademiyası isə Prezidentə birgə müraciət ünvanlayaraq osminoq Paula “Şöhrət” ordeni verilməsini xahiş ediblər. Müraciətin təşəbbüskarı Professor Yaqub Mahmudlu AzQosKomediyaya eksklüziv açıqlamasında bildirib ki, Paulun damarlarında türk qanının axması şübhəsizdir.

“Tanrı bu ilahi ədaləti yalnız türkə verə bilər,” deyə Professor Mahmudlu əlavə edib.

Ermənistan tərəfi osminoqun seçimi ilə bağlı hələ ki, heç bir rəsmi mövqe bildirməyib. Lakin İrəvandan alınan qeyri-rəsmi məlumatlara görə dövlət idarələrində bayraqlar artıq endirilib, bir qrup Daşnaksütun üzvü isə zooparkda kütləvi sui-qəsd edib.

Written by Ali S. Novruzov

İyul 12, 2010 at 8:58 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,