Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘YAP

Azərbaycandan Fransaya sarsıdıcı zərbə!

leave a comment »

Hakimiyyətin bölünməsi prinsipi reallıqda

Fransa Milli Assambleyasının “erməni soyqırımını” inkar edənlərin cəzalandırılması haqqında son qanun layihəsinə Azərbaycan dövlətindən sərt cavab gəldi.

Dekabrın 23-də Milli Məclisin sessiyasında iştirak edən millət vəkilləri fransız mütəfəkkiri Monteskyönün “hakimiyyətlərin bölünməsi“ prinsipindən imtina barədə yekdil qərar qəbul etdilər.

Təşəbbüsün ideya müəllifi YAP-çı deputat Mübariz Qurbanlının çıxışı millət vəkilləri tərəfindən ayaq üstündə, davamlı və sürəkli alqışlarla qarşılandı.

Mübariz Qurbanlı qeyd etdi ki, Azərbaycanın özünün yaratdığı və dünyaya nümayiş etdirdiyi uğurlu dövlətçilik modeli var və 21-ci əsrdə dünyanın bütün mədəni ölkələri Azərbaycan modeli ilə silahlanmalı, prinsipsiz fransızların “prinsipi”ndən çoxdan əl çəkməlidirlər:

“Belə həyati məsələ barəsində gözləmə mövqeyi tutmaq və qardaş türk xalqını tək buraxmaq olmaz. Necə ki, Azərbaycanda hakimiyyətin bütün qolları əl-ələ verib bir ürək, bir mərkəz kimi işləyir, eləcə də Türkiyə və Azərbaycan çiyin-çiyinə verib dağ kimi dayanmalıdır.”

Parlamentin iclasında millət vəkili Elmira Axundovanın təklifi də – Monsteskyönün qəbrinin Fəxri Xiyabandan Yasamal qəbiristanlığına köçürülməsi məsələsi həmkarları tərəfindən yekdilliklə qəbul edildi. Qərarın icrası Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıldı.

Parlamentin sessiyasından sonra AzQosKomediyaya məsələ ilə bağlı eksklüziv şərh verən “Ana Vətən” partiyasının nümayəndəsi Zahid Oruc isə əlavə etdi ki, Fransa ilə işləmək, Avropa dəyərlərindən sapmış bu ölkəni maarifləndirmək lazımdır:

“Tarix Azərbaycan dövlətinin və xalqının üzərinə analoqu olmayan məsuliyyət qoyub. Bu, öz yolundan azan və öz dəyərlərinə xəyanət edən Avropa ölkələrini yenidən sivilizasiyanın qucağına qaytarmaqdan ibarətdir.”

Xatırladaq ki, Fransa parlamentinin aşağı palatasının 22 dekabrda qəbul etdiyi qanun layihəsinə görə “Osmanlı Türkiyəsində ermənilərin soyqırımı olmayıb” kimi ifadələr işlədən hər kəsi 45 min avro cərimə və bir il həbs cəzası gözləyə bilər. “Erməni soyqırımın” inkarını cinayətə çevirən qanun layihəsinin ssverməyə çıxarıldığı iclasda 577 deputatdan təqribən 50 nəfəri iştirak etsə də, layihə böyük səs çoxluğu ilə qəbul edilib.

Layihə qanuna çevrilmək üçün Fransa parlamentinin yuxarı palatası – Senat tərəfindən də qəbul edilməli və Prezident tərəfindən imzalanmalıdır.

Parlament müxbiri Emil Bağırovun eksklüziv xəbərləri əsasında

Advertisements