Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Siyavuş Qarayev

Akademik Lütfi Zadə işdən çıxarılıb

with 4 comments

90 yaşlı akademik, qeyri-səlis məntiqin yaradıcısı Lütfi Zadə noyabrın 7-də Berklidəki Kaliforniya Universitetində tutduğu professor vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə AzQosKomediyaya eksklüziv olaraq akademikin qohumları məlumat veriblər.

Lütfi Zadə Berklidə kompyuter elmləri, məntiq, riyaziyyat, fizika və elektromühəndislik sahəsi üzrə dərs deyirdi.

Universitet rəhbərliyi akademikin işdən çıxarılmasını onun Kaliforniya ştatının əmək məcəlləsini pozması ilə əlaqələndirsə də, əksini deyənlər də var. Onlar iddia edirlər ki, akademik öz ictimai-siyasi mövqeyinə görə hakimiyyət tərəfindən cəzalandırılıb.

Lütfi Zadə son vaxtlar ABŞ Prezidenti Barak Obamanın və Konqresin iqtisadi siyasətini kəskin tənqid edir, milli birliyin pozulmasında və əxlaq böhranında onları günahkar sayırdı.

Lütfi Zadə son olaraq noyabrın əvvəli Nyu-Yorka səfər etmiş və “Uol-Striti işğal et” (Occupy Wall Street) hərəkatına canlı dəstək olmuşdu.

Amerikanın tanınmış ziyalısı, məşhur siyasi aktivist Noam Çomski hesab edir ki, Lütfi Zadəyə qarşı təzyiqlərin arxasında birbaşa Ağ Ev dayanır:

Təbii, biz hamımız hər şeyi bilirik. Bu təzyiqlər birbaşa Vaşinqtondan gəlir. Amma onlar bilmirlər ki, bu yollarla biz ziyalıları susdura bilməzlər. Daha susmaq olmaz, biz uçuruma gedirik.

ABŞ-ın müxalifətdə olan Respublikaçılar partiyası Lütfi Zadəyə artıq öz dəstəyini bildirib və Berkli Universitetinin bu qərarını qınayıb. Facebook və Twitter isə akademikə dəstək mesajları ilə doludur.

Azərbaycan Dövlət Neft Akademiyası da Lütfi Zadəyə dəstək aksiyasına qoşulub. Akademiyanın rektoru Siyavuş Qarayev Lütfi Zadəni dərs demək üçün Bakıya dəvət edib. Neft Akademiyasında akademik azadlığa həmişə müqəddəs yanaşıldığını deyən rektor, Lütfi Zadə üçün xüsusi kafedranın yaradılacağını da vəd edib.

Advertisements

Written by Ali S. Novruzov

Noyabr 9, 2011 at 8:36 axşam