Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Okkult

İqtidar müxalifət və xalqın dilini-ağzını bağladı

leave a comment »

Şəkil şərtidir

“Yeni Xüravat”dan şok iddia – hökumət ölkəyə cadugərlər ordusu gətirib, yerli və xarici cadugərlərə müxalifət və xalqı tilsimə salmaq tapşırığı verilib.

Azərbaycan hökuməti dünya miqyasında tanınan cadugərlərin xidmətində istifadə etməyə başlayıb, hətta bir çoxunu ölkəyə işləməyə dəvət edib. Bu barədə ölkənin ən mötəbər və nüfuzlu qəzetlərindən biri “Yeni Xürafat” məlumat verib.

Qəzetin yazdığına görə böyük xərclər hesabına həyata keçirilən bu layihənin konkret və ciddi bir məqsədi var: ölkədə kütləvi proseslərin, qarışıqlıqların, inqilabların qarşısını almaq, kütləvi psixoz prosedurları ilə toplumda fəaliyyətsizliyi təmin etmək.

Şərti olaraq “cadugərlər” adlandırılan bu mütəxəssislərin – Afrikanın cənubundan “kuaren deyro”, qərbindən – “nqombo”, mərkəzindən – “menduk”, Yava adalarından – “dikun”, Qrenlandiyadan – “anqanok”, Perudan – “bruco”, Rusiyadan – “çarodey”, “koldun”, Uzaq Şərqdən – “yoq”, “fakir”, Avropadan parapsixoloq və okkult ekspertlərinin Bakıya daşınıb gətirilməsi ötən ilin aprelindən başlayıb.

Qəzet iddia edir ki, ötən il “ərəb bahar”ının Azərbaycandan yan keçməsinin, xalqın ayağa qalxmamasının bir səbəbi də məhz bu “cadugərlər layihəsinin” işə salınmasıdır. Burada əsas hədəf toplum olsa da, əslində müxalifətin önəmli fiqurları da dəvət edilmiş cadugərlər briqadasının cadu və başqa növ enerji yükləmələrinin hədəfindədir. Klassik dillə deyilsə, hazırda dünyanın ən yaxşı və bahalı cadugərləri Azərbaycan müxalifətinin dilini-ağzını bağlamaqla məşğuldur.

Bakıda və ümumiyyətlə əhalinin gur toplaşdığı yerlər, bazarların, universitetlərin və metrostansiyaların giriş-çıxışları xüsusi cadu elementləri ilə tilsimlənib. Metrostansiyaların girişlərində yerə xüsusi mıxlar vurulub, eskalatorlara da bir sıra elementlər bərkidilib – bunlar toplumun dağıdıcı, yıxıcı və ümumiyyətlə, hər cür enerjisini yavaşmalıdır. Belə yerlərdə xüsusi və hiss edilməyən ətirlər yayılır, cadulanmış sular səpilir, hamının əl, yaxud ayaq basa biləcəyi hansısa predmetlər qoyulur.

Mənbəmiz deyir ki, rejimə sadiq olan zəngin məmurlar hakimiyyəti xalqdan qorumaq üçün dünyadakı bir sıra hipnoz, telekinez, zombiləşdirmə və ümumiyyətlə, bugünkü ekstrasensorikanın ən güclü mütəxəssislərini bir komandada toplaya bilib. Bu, hakimiyyətin “əks-inqilab komitəsi” də sayıla bilər.

AzQosKomediya məsələ ilə bağlı hakimiyyət nümayəndələrinə müraciət etsə də onların mövqeyini öyrənə bilməyib. Müxalifət nümayəndələrindən müraciət etdiyimiz Pənah Hüseyn isə bu cəhdlərin əbəs olduğunu bildirib.

“Mən özüm bircə dua yazaram ki, bütün bu tilsimləri sındırar, hələ bir hakimiyyətin özünü tilsimə salar. Nahaq yerə mənə el arasında “Molla Pənah” demirlər. Ondansa getsinlər real siyasi və iqtisadi islahatlara başlasınlar,” deyə Pənah Hüseyn müxbirimizə bildirib.

Written by Ali S. Novruzov

Yanvar 11, 2012 at 7:21 axşam