Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Nura Suri

Müxalifət Nura Surinin Prezidentə müraciətinə qoşuldu

leave a comment »

Nura Suri / Last.fm

İctimai Palatada təmsil olunan siyasi qüvvələr Azərbaycan estradasının ulduzu Nura Surinin Prezident İlham Əliyevə minnətdarlıq müraciətinə qoşulub.

Xatırladak ki, Nura Suri Prezidentə müraciətində Milli Ordumuzun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun vətənimizə dönüb, azad edilməsinə təşəkkürünü bildirmiş və sevincini bölüşmüşdü.

Müxalifətin müraciətə qoşulması barədə Müsavat başqanı İsa Qəmbər AzQosKomediyaya eksklüziv açıqlamasında bildirib. İsa Qəmbərin sözlərinə görə bu haqda təklif Nuranın prodüsserindən gəlib. Onlar da müraciətin mətnini İctimai Palata daxilində müzakirə edib bir neçə düzəlişlə qəbul ediblər.

Müraciətdə qeyd edilir ki, Ramil Səfərovun səkkiz ildən sonra Azərbaycana ekstradisiya edilməsi və əfv olunması Azərbaycan dövlətinin xalqına olan qayğısının göstəricisidir. Eləcə də Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxmağı bacarması vurğulanır.

Müraciət müxalifət cəbhəsində və ictimai sektorda heç də birmənalı qarşılanmayıb. Bəzi sıravi partiya üzvləri və müstəqil fəallar müraciətə kəskin etiraz ediblər.

Bəstəkar Firudin Allahverdi isə etiraz əlaməti olaraq Müsavat partiyasını və İctimai Palatanı tərk etdiyini bildirib. Öz Facebook profilində yazdığına görə bu addımına səbəb müxalifətin həvəskar və naşı bir müğənniyə göstərdiyi hədsiz diqqət olub:

Mən özüm dörd il konservatoriya oxumuşam, professional musiqiçiyəm, mən deyəndə ki, gəlin Prezidentə təşəkkür edək, mənə qulaq asmırlar, amma hansısa ibtidai musiqi təhsili olmayan adamın müraciətinə dərhal qoşulurlar.

İsa Qəmbər də öz növbəsində Facebook’da tənqidləri cavablandırıb. O, tənqid edənlərə, hətta partiyadan gedənlərə dözümlü yanaşmağın vacibliyini vurğulayıb.

“Məsələnin mahiyyətinə gəldikdə isə, mən əminəm ki, bu qərarımız istər taktiki, istərsə də strateji baxımdan düzgün qərardır,” deyə əlavə edib.

Məsələ ilə bağlı AsQosKomediya həm Nura Suri, həm də onun prodüsserinin mövqeyini öyrənməyə cəhd etsə də, onlarla əlaqə saxlamaq mümkün olmadı.

Written by Ali S. Novruzov

Sentyabr 16, 2012 at 2:05 səhər