Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Müxalifət

Müxalifət Nura Surinin Prezidentə müraciətinə qoşuldu

leave a comment »

Nura Suri / Last.fm

İctimai Palatada təmsil olunan siyasi qüvvələr Azərbaycan estradasının ulduzu Nura Surinin Prezident İlham Əliyevə minnətdarlıq müraciətinə qoşulub.

Xatırladak ki, Nura Suri Prezidentə müraciətində Milli Ordumuzun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun vətənimizə dönüb, azad edilməsinə təşəkkürünü bildirmiş və sevincini bölüşmüşdü.

Müxalifətin müraciətə qoşulması barədə Müsavat başqanı İsa Qəmbər AzQosKomediyaya eksklüziv açıqlamasında bildirib. İsa Qəmbərin sözlərinə görə bu haqda təklif Nuranın prodüsserindən gəlib. Onlar da müraciətin mətnini İctimai Palata daxilində müzakirə edib bir neçə düzəlişlə qəbul ediblər.

Müraciətdə qeyd edilir ki, Ramil Səfərovun səkkiz ildən sonra Azərbaycana ekstradisiya edilməsi və əfv olunması Azərbaycan dövlətinin xalqına olan qayğısının göstəricisidir. Eləcə də Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxmağı bacarması vurğulanır.

Müraciət müxalifət cəbhəsində və ictimai sektorda heç də birmənalı qarşılanmayıb. Bəzi sıravi partiya üzvləri və müstəqil fəallar müraciətə kəskin etiraz ediblər.

Bəstəkar Firudin Allahverdi isə etiraz əlaməti olaraq Müsavat partiyasını və İctimai Palatanı tərk etdiyini bildirib. Öz Facebook profilində yazdığına görə bu addımına səbəb müxalifətin həvəskar və naşı bir müğənniyə göstərdiyi hədsiz diqqət olub:

Mən özüm dörd il konservatoriya oxumuşam, professional musiqiçiyəm, mən deyəndə ki, gəlin Prezidentə təşəkkür edək, mənə qulaq asmırlar, amma hansısa ibtidai musiqi təhsili olmayan adamın müraciətinə dərhal qoşulurlar.

İsa Qəmbər də öz növbəsində Facebook’da tənqidləri cavablandırıb. O, tənqid edənlərə, hətta partiyadan gedənlərə dözümlü yanaşmağın vacibliyini vurğulayıb.

“Məsələnin mahiyyətinə gəldikdə isə, mən əminəm ki, bu qərarımız istər taktiki, istərsə də strateji baxımdan düzgün qərardır,” deyə əlavə edib.

Məsələ ilə bağlı AsQosKomediya həm Nura Suri, həm də onun prodüsserinin mövqeyini öyrənməyə cəhd etsə də, onlarla əlaqə saxlamaq mümkün olmadı.

Written by Ali S. Novruzov

Sentyabr 16, 2012 at 2:05 səhər

Loreen İctimai Palataya üzv oldu – ŞOK XƏBƏR

with 2 comments

Loreen / Wikimedia

Avroviziya 2012 mahnı müsabiqəsinin isveçli qalibi Lorin Təlhavi (Loreen Talhaoui) İctimai Palataya üzv olub. Bu barədə Lorin 15 iyun tarixində öz Facebook profilində xəbər yayıb.

Lorinin status yenilənməsində deyilir:

Mən Bakıda olanda çıxışıma hazırlaşmaqdan əlavə, həm də insan haqları təşkilatlarına getdim, azərbaycanlı hüquq müdafiəçiləri ilə görüşdüm. Orada dəhşətli faktlarla tanış oldum, hekayələr eşitdim. Bu rejim Avroviziyanı keçirmək üçün konsert zalı tikərkən insanları heç nə vermədən evlərindən çölə atıb. Bu, doğrudan da hörmətsizlikdir. Mən ümid edirdim ki, Avroviziyadan sonra onların vəziyyəti yaxşılaşacaq. Amma indi biz bunun əksini görürük. Görüşdüyümüz cəsur insan hüquq müdafiəçilərindən biri Mehman Hüseynov xuliqanlıqda günahlandırılır, 5 illik həbs oluna bilər.

Ona görə də qərara almışam ki, Azərbaycandakı rejim ilə mübarizəmi bundan sonra İctimai Palatanın sıralarında davam etdirim.

Loreen həm də İctimai Palatanın İsveç şöbəsini yaradacağını bildirib və qeyd edib ki, İsveçin nüfuslu dövlət xadimlərindən bəziləri artıq bu şöbəyə üzv olmaq istəklərini dilə gətiriblər.

İctimai Palata və ümumilikdə ictimai sektor by xəbəri böyük çoşqu ilə qarşılayıb. Facebook və Twitter sosial şəbəkələrində azərbaycanlı istifadəçilər Lorini bu cəsarətli addımına görə alqışlayırlar.

İctimai Palatanın koordinasiya şurasının adının çəkilməsini istəməyən üzvü isə AzQosKomediyaya eksklüziv açıqlamasında deyib ki, İsa Qəmbər və Əli Kərimli müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Lorinə xalq artisti adının verilməsi barədə artıq razılığa da gəliblər. Sadəcə bəzi obyektiv və subyektiv səbəblərdən qərar gizli saxlanılır.

Xatıladaq ki, əslən cənubi Mərakeşdən olan Lorin Təlhavi 1983-cü ildə Stokholmda dünyaya göz açıb. O, 2012-ci ilin mayında Avroviziya mahnı müsabiqəsində İsveçi təmsil edib və “Eyforiya” adlı mahnı ilə qalib olub.

Bakıda olarkən Lorin bir sıra hüquq müdafiəçiləri ilə görüşmüş, “Demokratiya naminə oxu!” kampaniyası ilə maraqlanmışdı. Bu səbəbdən Azərbaycan hökuməti müsabiqənin təşkilatçısı olan Avropa Teleyayım İttifaqına Lorin barədə şikayət etmişdi.

İqtidar müxalifət və xalqın dilini-ağzını bağladı

leave a comment »

Şəkil şərtidir

“Yeni Xüravat”dan şok iddia – hökumət ölkəyə cadugərlər ordusu gətirib, yerli və xarici cadugərlərə müxalifət və xalqı tilsimə salmaq tapşırığı verilib.

Azərbaycan hökuməti dünya miqyasında tanınan cadugərlərin xidmətində istifadə etməyə başlayıb, hətta bir çoxunu ölkəyə işləməyə dəvət edib. Bu barədə ölkənin ən mötəbər və nüfuzlu qəzetlərindən biri “Yeni Xürafat” məlumat verib.

Qəzetin yazdığına görə böyük xərclər hesabına həyata keçirilən bu layihənin konkret və ciddi bir məqsədi var: ölkədə kütləvi proseslərin, qarışıqlıqların, inqilabların qarşısını almaq, kütləvi psixoz prosedurları ilə toplumda fəaliyyətsizliyi təmin etmək.

Şərti olaraq “cadugərlər” adlandırılan bu mütəxəssislərin – Afrikanın cənubundan “kuaren deyro”, qərbindən – “nqombo”, mərkəzindən – “menduk”, Yava adalarından – “dikun”, Qrenlandiyadan – “anqanok”, Perudan – “bruco”, Rusiyadan – “çarodey”, “koldun”, Uzaq Şərqdən – “yoq”, “fakir”, Avropadan parapsixoloq və okkult ekspertlərinin Bakıya daşınıb gətirilməsi ötən ilin aprelindən başlayıb.

Qəzet iddia edir ki, ötən il “ərəb bahar”ının Azərbaycandan yan keçməsinin, xalqın ayağa qalxmamasının bir səbəbi də məhz bu “cadugərlər layihəsinin” işə salınmasıdır. Burada əsas hədəf toplum olsa da, əslində müxalifətin önəmli fiqurları da dəvət edilmiş cadugərlər briqadasının cadu və başqa növ enerji yükləmələrinin hədəfindədir. Klassik dillə deyilsə, hazırda dünyanın ən yaxşı və bahalı cadugərləri Azərbaycan müxalifətinin dilini-ağzını bağlamaqla məşğuldur.

Bakıda və ümumiyyətlə əhalinin gur toplaşdığı yerlər, bazarların, universitetlərin və metrostansiyaların giriş-çıxışları xüsusi cadu elementləri ilə tilsimlənib. Metrostansiyaların girişlərində yerə xüsusi mıxlar vurulub, eskalatorlara da bir sıra elementlər bərkidilib – bunlar toplumun dağıdıcı, yıxıcı və ümumiyyətlə, hər cür enerjisini yavaşmalıdır. Belə yerlərdə xüsusi və hiss edilməyən ətirlər yayılır, cadulanmış sular səpilir, hamının əl, yaxud ayaq basa biləcəyi hansısa predmetlər qoyulur.

Mənbəmiz deyir ki, rejimə sadiq olan zəngin məmurlar hakimiyyəti xalqdan qorumaq üçün dünyadakı bir sıra hipnoz, telekinez, zombiləşdirmə və ümumiyyətlə, bugünkü ekstrasensorikanın ən güclü mütəxəssislərini bir komandada toplaya bilib. Bu, hakimiyyətin “əks-inqilab komitəsi” də sayıla bilər.

AzQosKomediya məsələ ilə bağlı hakimiyyət nümayəndələrinə müraciət etsə də onların mövqeyini öyrənə bilməyib. Müxalifət nümayəndələrindən müraciət etdiyimiz Pənah Hüseyn isə bu cəhdlərin əbəs olduğunu bildirib.

“Mən özüm bircə dua yazaram ki, bütün bu tilsimləri sındırar, hələ bir hakimiyyətin özünü tilsimə salar. Nahaq yerə mənə el arasında “Molla Pənah” demirlər. Ondansa getsinlər real siyasi və iqtisadi islahatlara başlasınlar,” deyə Pənah Hüseyn müxbirimizə bildirib.

Written by Ali S. Novruzov

Yanvar 11, 2012 at 7:21 axşam

Sayıq vətəndaş müxalifətin məkrli planını ifşa etdi

leave a comment »

Natiq Ədilov (solda) və Yalçın Əzizov (sağda)

Yaşıllıqları qıran müxalifətçi jurnalist yerindəcə layiqli cavabını aldı

2010-cu il Azərbaycanda ekologiya ilidir. Bu məqsədlə ölkəmizdə 3 milyon ağac əkilməsi planlaşdırılır. Hökumətin analoqu olmayan siyasəti nəticəsində cənnət olan Azərbaycan bundan sonra tamamilə yaşıllıqlar içində itəcəkdir.

Lakin sən demə ölkəmizdə bu planlara qarşı olan və onları sabotaj etmək istəyən qüvvələr də var imiş və bu qüvvələrin məkrli planı sadə bir vətəndaşın sayıqlığı sayəsində ictimaiyyətə məlum olmuşdur.

Belə ki, dünən müxalifətçi jurnalist və köşə yazarı Natiq Ədilov Bakının 20-ci sahə adlanan ərazisində aktiv şəkildə yaşıllıqların məhvi ilə məşğul olurmuş. Bu zaman yaxınlıqda olan təəssübkeş vətəndaş Yalçın Əzizov məsələyə müdaxilə edərək Natiq Ədilovdan yaşıllıqların məhvini dayandırmağı xahiş edir. O, ilk öncə bu hərəkəti vətəndaş Ədilovun cavanlığına yazsa da, sonuncunun vətəndaş Əzizova qarşı nalayiq hərəkətləri, yaşıllığa qarşı zorakılığa davam etməsi məsələnin daha mürəkkəb olduğunu üzə çıxarır.

Vətəndaş Əzizov müxalifətçi jurnalistin qarşısını layiqincə alaraq məsələni lazımi dövlət orqanlarının nəzərinə çatdırır və polis dərhal işi nəzarətə götürür.

Doğrudur, müxalifətçi ünsür Ədilovun hərəkətinin qarşısı sayıq vətəndaşımız tərəfindən operativ olaraq alınsa da, bu məsələdə bir məqam bizi hələ də narahat etməkdədir. Söhbət destruktiv müxalifətin məkrli bir planından gedir.

Müxalifət düşərgəsinə yaxın mənbədən aldığımız məlumata görə bu il Azərbaycadan ekologiya ilinin sabotajı üçün tam hazırlıqlar getməkdədir. Mənbəmiz bildirir ki, müxalifət liderlərinin göstərişi ilə həlledici məqamda bütün insan resursları gözəl Bakımızın parklarına və yaşıllıqlarına göndəriləcək və onlara bütün ağacları və yarpaqları yolmaq tapşırılacaq.

Məhz bu səbəblərdən bütün təəssübkeş vətəndaşlarınızı ayıq-sayıq olmağa, parklarımızın və ağaclarımızın keşiyində möhkəm durmağa çağırırıq.

Written by Ali S. Novruzov

İyun 17, 2010 at 12:13 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,