Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘İctimai Palata

Müxalifət Nura Surinin Prezidentə müraciətinə qoşuldu

leave a comment »

Nura Suri / Last.fm

İctimai Palatada təmsil olunan siyasi qüvvələr Azərbaycan estradasının ulduzu Nura Surinin Prezident İlham Əliyevə minnətdarlıq müraciətinə qoşulub.

Xatırladak ki, Nura Suri Prezidentə müraciətində Milli Ordumuzun zabiti, Macarıstanda həbsdə olan Ramil Səfərovun vətənimizə dönüb, azad edilməsinə təşəkkürünü bildirmiş və sevincini bölüşmüşdü.

Müxalifətin müraciətə qoşulması barədə Müsavat başqanı İsa Qəmbər AzQosKomediyaya eksklüziv açıqlamasında bildirib. İsa Qəmbərin sözlərinə görə bu haqda təklif Nuranın prodüsserindən gəlib. Onlar da müraciətin mətnini İctimai Palata daxilində müzakirə edib bir neçə düzəlişlə qəbul ediblər.

Müraciətdə qeyd edilir ki, Ramil Səfərovun səkkiz ildən sonra Azərbaycana ekstradisiya edilməsi və əfv olunması Azərbaycan dövlətinin xalqına olan qayğısının göstəricisidir. Eləcə də Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxmağı bacarması vurğulanır.

Müraciət müxalifət cəbhəsində və ictimai sektorda heç də birmənalı qarşılanmayıb. Bəzi sıravi partiya üzvləri və müstəqil fəallar müraciətə kəskin etiraz ediblər.

Bəstəkar Firudin Allahverdi isə etiraz əlaməti olaraq Müsavat partiyasını və İctimai Palatanı tərk etdiyini bildirib. Öz Facebook profilində yazdığına görə bu addımına səbəb müxalifətin həvəskar və naşı bir müğənniyə göstərdiyi hədsiz diqqət olub:

Mən özüm dörd il konservatoriya oxumuşam, professional musiqiçiyəm, mən deyəndə ki, gəlin Prezidentə təşəkkür edək, mənə qulaq asmırlar, amma hansısa ibtidai musiqi təhsili olmayan adamın müraciətinə dərhal qoşulurlar.

İsa Qəmbər də öz növbəsində Facebook’da tənqidləri cavablandırıb. O, tənqid edənlərə, hətta partiyadan gedənlərə dözümlü yanaşmağın vacibliyini vurğulayıb.

“Məsələnin mahiyyətinə gəldikdə isə, mən əminəm ki, bu qərarımız istər taktiki, istərsə də strateji baxımdan düzgün qərardır,” deyə əlavə edib.

Məsələ ilə bağlı AsQosKomediya həm Nura Suri, həm də onun prodüsserinin mövqeyini öyrənməyə cəhd etsə də, onlarla əlaqə saxlamaq mümkün olmadı.

Written by Ali S. Novruzov

Sentyabr 16, 2012 at 2:05 səhər

Loreen İctimai Palataya üzv oldu – ŞOK XƏBƏR

with 2 comments

Loreen / Wikimedia

Avroviziya 2012 mahnı müsabiqəsinin isveçli qalibi Lorin Təlhavi (Loreen Talhaoui) İctimai Palataya üzv olub. Bu barədə Lorin 15 iyun tarixində öz Facebook profilində xəbər yayıb.

Lorinin status yenilənməsində deyilir:

Mən Bakıda olanda çıxışıma hazırlaşmaqdan əlavə, həm də insan haqları təşkilatlarına getdim, azərbaycanlı hüquq müdafiəçiləri ilə görüşdüm. Orada dəhşətli faktlarla tanış oldum, hekayələr eşitdim. Bu rejim Avroviziyanı keçirmək üçün konsert zalı tikərkən insanları heç nə vermədən evlərindən çölə atıb. Bu, doğrudan da hörmətsizlikdir. Mən ümid edirdim ki, Avroviziyadan sonra onların vəziyyəti yaxşılaşacaq. Amma indi biz bunun əksini görürük. Görüşdüyümüz cəsur insan hüquq müdafiəçilərindən biri Mehman Hüseynov xuliqanlıqda günahlandırılır, 5 illik həbs oluna bilər.

Ona görə də qərara almışam ki, Azərbaycandakı rejim ilə mübarizəmi bundan sonra İctimai Palatanın sıralarında davam etdirim.

Loreen həm də İctimai Palatanın İsveç şöbəsini yaradacağını bildirib və qeyd edib ki, İsveçin nüfuslu dövlət xadimlərindən bəziləri artıq bu şöbəyə üzv olmaq istəklərini dilə gətiriblər.

İctimai Palata və ümumilikdə ictimai sektor by xəbəri böyük çoşqu ilə qarşılayıb. Facebook və Twitter sosial şəbəkələrində azərbaycanlı istifadəçilər Lorini bu cəsarətli addımına görə alqışlayırlar.

İctimai Palatanın koordinasiya şurasının adının çəkilməsini istəməyən üzvü isə AzQosKomediyaya eksklüziv açıqlamasında deyib ki, İsa Qəmbər və Əli Kərimli müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Lorinə xalq artisti adının verilməsi barədə artıq razılığa da gəliblər. Sadəcə bəzi obyektiv və subyektiv səbəblərdən qərar gizli saxlanılır.

Xatıladaq ki, əslən cənubi Mərakeşdən olan Lorin Təlhavi 1983-cü ildə Stokholmda dünyaya göz açıb. O, 2012-ci ilin mayında Avroviziya mahnı müsabiqəsində İsveçi təmsil edib və “Eyforiya” adlı mahnı ilə qalib olub.

Bakıda olarkən Lorin bir sıra hüquq müdafiəçiləri ilə görüşmüş, “Demokratiya naminə oxu!” kampaniyası ilə maraqlanmışdı. Bu səbəbdən Azərbaycan hökuməti müsabiqənin təşkilatçısı olan Avropa Teleyayım İttifaqına Lorin barədə şikayət etmişdi.