Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Fövqəladə Hallar Nazirliyi

Eldar Əzizov ad günü tortundan zəhərləndi!

with one comment

Eldar Əzizov tortun dadına baxandan sonra

Keyfiyyətsiz ərzaqdan hazırlanmış 50 metrlik tortun ilk qurbanı Sumqayıtın İcra Başçısı Eldar Əzizov olub. O, zəhərlənmə diaqnozu ilə artıq şəhərdəki özəl klinikaların birinə yerləşdirilib.

Prezident İlham Əliyevin 50 yaşının tamam olması münasibətilə Sumqayıt şəhərində Kimyaçılar Mədəniyyət Sarayının qarşısındakı meydanda təqdim edilən 50 metrlik tort keyfiyyətsiz ərzaqdan hazırlanıbmış.

Məsələ ilə Sumqayıt polisi və prokurorluğunun yaratdığı birgə istintaq-əməliyyat qrupu bu xəbəri təsdiqləyib.

Hüquq mühafizə orqanlarının verdiyi ilk açıqlamada deyilir ki, ad günü tortunun hazırlanması zamanı bəzi iş adamları və qənnadıçılar keyfiyyətsiz və vaxtı keçmiş ərzaqlardan istifadə ediblər. Sözügedən tort istehlaka tam yarasız halda olub və Eldar Əzizov da bu səbəbdən zəhərlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri də ezam olunub. Hal-hazırda şəhərdə tortdan zəhərlənən digər vətəndaşların axtarışı gedir.

Hadisələri daha yaxından izləmək və vəziyyəti öyrənmək üçün Sumqayıta gələn Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Huseynov Bakının 30 kilometrliyində böyük bir epidemiya ocağının yaranması ehtimalı barədə xəbərdarlıq edib.

Bununla belə sıravi Sumqayıtlılar özlərini gümrah hiss edir və optimistdirlər. Adının çəkilməsini istəməyən bir şəhər sakini AzQosKomediyaya müsahibəsində deyib ki, Eldar Əzizov şəhərə təzə köçdüyündən Sumqayıt havasına öyrəncəli deyil , ona görə də belə xırda problemdən ürəkbulanma keçirib.

Xatırladaq ki, Eldar Əzizovun hələ Gəncədə İcra Başçısı olarkən əsasını qoyduğu bu ənənə – Prezidentin ad gününə nəhəng tortun bişirilməsi bu il ilk dəfədir ki, Sumqayıtda baş tutub. Tortun uzunluğu 50 metr, çəkisi isə 12 ton olub.

Written by Ali S. Novruzov

Dekabr 25, 2011 at 12:32 səhər