Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Danimarka

ŞOK XƏBƏR: Danimarka hökuməti istefa verdi

leave a comment »

Baş Nazir Torning-Şmidt istefadan sonra

Baş Nazir Torning-Şmidt istefadan sonra

Keçmiş Baş nazir Torninq-Şmidt: “Millətimizi və dövlətimizi çətin sınaq gözləyir”

Kraliça II Marqrete: “Mən taxtdan imtina edib monastra gedirəm”

AzTV müxbirinin Kopenhagen aeroportunda çek-in etməsindən 10 dəqiqə sonra Danimarka hökuməti tam tərkibdə istefaya çıxıb. Ölkədə konstitusiya böhranı yaranıb.

Avroviziya 2013 yarışmasında Danimarka təmsilçisi qalib gəldikdən sonra rəsmi Kopenhagen AzTV-nin hədəfinə tuş gələcəyini ehtimal etdiyindən ölkədə fövqəladə vəziyyət elan edib. İsveçdə ezamiyyətdə olan AzTV müxbirlərinin Danimarka ərazisinə keçməsini əngəlləmək üçün Baltik üzərindəki bütün körpülər bağlanıb, bütün gəmi və bərə nəqliyyatı dayandırılıb.

Hökumətin təcili göstərişi ilə, Brüsselə xəbər vermədən Danimarka birtərəfli qaydada Şengen zonasından çıxaraq milli viza sistemini bərpa edib.

Amma bu da rəsmi Kopenhageni iflasdan qurtara bilməyib. Yarışmanın bitməsindən az keçmiş adı çəkilməyən AzTV müxbiri Kopenhagenin Kastrup aeroportunda olduğu barədə Facebook’da check-in edib.

AzQosKomediyanın Danimarka mətbuatına istinadən verdiyi xəbərə görə AzTV müxbirinin Kopenhagen aeroportunda görünməsi ölkədə panika yaradıb. Hal-hazırda paytaxt və ətrafı sürətlə boşalmaqdadır. Kopenhagen meriyasının şəhərdə zibillikləri təcili sürətdə təmizləmək cəhdləri fayda vermir. Kommunal təsərrüfat işçiləri AzTV kameralarına düşməkdən qorxduqları üçün işə çıxmırlar.

Danimarkanın solçulardan ibarət koalisiya hökuməti dərhal istefaya gedib.  Ölkədə fəvqəladə vəziyyət elan olunub. Televiziya vasitəsilə xalqa müraciət edən keşmiş Baş nazir Helle Torninq-Şmidt ölkəsini və xalqını qarşıda çətin sınaq gözlədiyini deyib.

“Mən qarşıda ancaq iztirab, sonsuz məşəqqətlər və qan görürəm. Mən bu yükün altına girə bilmərəm,” deyə Torninq-Şmidt vurğulayıb.

Kraliça II Marqrete isə Parlamentə müraciətində taxtdan imtian etdiyini və monastra çəkiləcəyini bildirib.

Hazırda Danimarkada konstitusiya böhranı yaranıb. Müxalifət qüvvələri gələn bazar günü Kopenhagenin mərkəzi meydanında böyük mitinq planlaşdırır.

İqtisadiyyat da siyasi böhrana cavab olaraq çöküb. Banklar işləmir, ictimai nəqliyyat dayanıb, pensiyaların verilməsində fasilə yaranıb.

Hadisəyə öz Facebook səhifəsində münasibət bildirən AzTV-nin sədr müavini İbrahim Məmmədov Danimarkada baş verənləri qorxaqlıq və “söz azadlığına hücum” adlandırıb:

“Kopenhagen həqiqətdən niyə qorxur axı? Nə qədər sabun köpüyündə yaşamaq olar? AzTV-nin kameralarından qorxub gizlənən bir hökumət bilmirdi ki, öz xalqını aldatmağın sonu bir gün çatacaq? Hələ atalarımız deyib ki, yalanın ömrü qırx gündür!”

Written by Ali S. Novruzov

May 19, 2013 at 3:51 axşam