Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Posts Tagged ‘Azadlıq Radiosu

ANS-in araşdırması inanılmaz faktlar ortaya qoydu

with one comment

Azadlıq Radiosu ABŞ-dan maliyyələşirmiş!

ANS telekanalının apardığı jurnalist araşdırması Azadlıq Radiosu barəsində inanılmaz faktlar aşkarlayıb. Sən demə Azadlıq Radiosu heç də Azərbaycan radiosu deyilmiş. Bu yaxınlarda çəkilməli olan “Qurdlar Vadisi – Azərbaycan” adlı türk serialının ssenarisinə eksklüziv baxış keçirən ANS jurnalistləri Azadlıq Radiosunun ABŞ tərəfindən maliyyələşdirildiyini ortaya çıxarıblar.

Telekanal rəhbərliyindən AzQosKomediyaya verilən açıqlamada bildirilir ki, Azadlıq Radiosunun maliyyəsinin dəqiq mənbəyi də onlara məlumdur – bu, nə qədər inanılmaz görünsə də birbaşa ABŞ Konqresinin özüdür.

Bundan əlavə Azadlıq Radiosu əslində heç müstəqil qurum da deyilmiş. O, mərkəzi ofisləri Vaşinqton və Praqada yerləşən Azad Avropa / Azadlıq radiolarının Azərbaycandakı bürosu imiş!

ANS-in İç Xəbər proqramına bu barədə müsahibə verən Mir Şahin Ağayev isə bildirib ki, onlar əllərində olan faktlarlarla Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, Mətbuat Şurasına, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova və bütün lazımi yerlərə artıq müraciət ediblər.

“Biz Azərbaycana qarşı böyük bir təxribatın və konspirasiyanın üstünü açmışıq. Artıq ikinci dəfədir ki, ANS Azərbaycan dövlətçiliyini məhvdən xilas edir. Biz bir dəfə Türkiyənin ölkəmizdə dövlət çevrilişi planlarına mane olmuşuq, indi isə ABŞ-ın planlarını qarışdırdıq. Əminik ki, müvafiq orqanlar artıq lazımi ölçülər götürürlər,” Mir Şahin İç Xəbərə belə deyib.

Sonda Mir Şahin əlavə edib ki, ANS Azərbaycan dövlətçiliyinin keşiyində bundan sonra da sayıq dayanacaq.

Advertisements

Written by Ali S. Novruzov

Avqust 17, 2010 at 10:07 axşam