Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Nobelçi alim BDU-nun fəxri doktoru adına layiq görüldü

leave a comment »

Əhməd Zeveyl: “Mən bu dünyada da, o dünyada da elmin zirvəsinə çatdım”

Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zeveyl Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb. Bu münasibətlə oktyabrın 10-da keçirilən mərasimdə Zeveyl hətta göz yaşlarını saxlaya bilməyib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, dünyada 800 nəfərə yaxın Nobel mükafatçısı olsa da, onların arasında BDU-nun fəxri doktoru adı şərəfinə layiq görülən ilk və hələ ki, yeganə şəxs Əhməd Zeveyldir.

Zeveyl 1946-cı ildə Misirdə anadan olub, ali təhsilini İsgəndəriyyə şəhərində aldıqdan sonra ABŞ-a gedib və Pensilvaniya Universitetində doktorluq dərəcəsinə yiyələnib. Hal-hazırda Kaliforniya Texniki İnstitutunda dərs deyir, ABŞ Prezidentinin Elm və Təhsil üzrə Müşavirləri Şurasının üzvüdür. Kimyəvi reaksiyaların keçid mərhələlərinin öyrənilməsində uğurlarına görə 1999-cu ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

Əhməd Zeveyl dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrinə, o cümlədən sülhməramlı fəaliyyətinə görə isə BDU-nun Böyük Elmi Şurasının 8 oktyabr 2011-ci il tarixli qərarı ilə BDU-nun fəxri doktoru adına layiq görülüb.

Abel Məhərrəmovun əlindən fəxri doktor mantiyası və diplomunu alan Zeveyl öz nitqində deyib ki, artıq bu dünyada da, o dünyada da elmin zirvəsinə çatıb. Bundan sonra rahatlıqla təqaüdə çıxa və memuarlarını yaza bilər.

AzQosKomediyaya daxil olan eksklüziv məlumata görə, bu xəbər Türkiyəli yazıçı Orhan Pamuku depressiyaya salıb. Bu il də BDU-nun fəxri doktoru adını ala bilməyən yazıçının yaxınlarına dediyinə görə, onu ancaq qardaş Azərbaycandan alacağı belə bir etimad sağalda bilər. O hətta növbəti romanı üzərində işi də yarımçıq buraxmalı olub.

Written by Ali S. Novruzov

Oktyabr 10, 2011 at 5:34 axşam

Azərbaycan hökuməti inqilab etmək qərarı verdi – EKSKLÜZİV

with 6 comments

Rüşvət və konvertdən kəsilən məmurların ayağa qalxması gözlənilir

Azərbaycan hökuməti özünün növbədənkənar iclasında ölkədə təcili sürətdə inqilab etmək barədə yekdil qərar qəbul edib. Müvafiq icra orqanlarına inzibati resurslar hesabına olsa belə, Azadlıq meydanını doldurmaq əmr olunub.

Azərbaycanda inqilabi situasiya yaratmaq və çevrilişə nail olmaq üçün Nazirlər Kabinetinə bütün lazımi tədbirlər görmək həvalə olunub, inqilabın koordinasiyası üçün Siyasi İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun rəhbərliyi ilə xüsusi qərargah da yaradılıb.

AzQosKomediyaya eksklüziv açıqlamasında Mübariz Əhmədoğlu hökumətin inqilab qərarını onunla izah edib ki, Ermənistanda vəziyyət gərginləşməkdədir və bədnam qonşularımız hər an inqilab edə bilər. Bu məqsədlə də Azərbaycan hökuməti erməniləri qabaqlamaq barədə strateji qərar qəbul edib.

“Biz oturub Azərbaycanda müxalifətin və ya xarici qüvvələrin inqilab etməyini gözləsək, Ermənistanla rəqabəti uduza bilərik. Bu həm qiymətli vaxt itkisidir, həm də reallaşması olduqca dumanlı perspektivdir. Apardığımız araşdırmalar göstərir ki, Yaxın və Orta Şərqi bürüyən inqilab dalğasının Azərbaycana təbii yolla gəlib çatmasına hələ çox var. Bunun üçün də hökumət dərhal məsələyə müdaxilə etməlidir.”

Mübariz Əhmədoğlu inqilabın reseptini açmasa da, bildirib ki, inqilabi proseslər tam şəffaflıq şəraitində və beynəlxalq müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək.

Adının çəkilməsini istəməyən hökumətə yaxın mənbədən aldığımız məlumata görə isə inqilabın resepti olduqca sadədir və son günlər ölkədə korrupsiyaya qarşı aparılan kampaniya bunun əsas komponentidir.

“Rüşvət ala bilməyən və konvertlərdən məhrum olan məmurlar özləri də bilmədən təxribata çəkilir və onlar arasında süni surətdə narazılıq yaradılır. Qəzəbli məmur, müəllim, həkim kütləsinin Azadlıq meydanına toplaşmasına çox az qalıb. Əgər heç kim ayağa qalxmasa belə, inzibati resurslar hesabına meydanı doldurmaq tapşırığı verilib.”

Hadisələrin sonrakı gedişatı haqqında xəbərsiz olduğunu deyən mənbənin sözlərinə görə inqilabi qərargah detallar üzərində işi hələ tam başa çatdırmayıb.

“Bir onu deyə bilərəm ki, bu, Tunisdəki, Misirdəki hadisələrə heç bənzəməyəcək. Bu, analoqu olmayan inqilab olacaq.”

Written by Ali S. Novruzov

Fevral 18, 2011 at 11:45 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,

Azərbaycanda Silikon Vadisi tikiləcək – EKSKLÜZIV

leave a comment »

Bu məqsədlə sifariş edilən silikonun ilk partiyası artıq ölkəyə gətirilib.

Rabitə və İnformasiya Nazirliyindən AzQosKomediyaya verilən eksklüziv məlumata görə yaxın bir neçə ay ərzində Azərbaycanda Silikon Vadisinin tikintisinə başlanacaq.

ABŞ-dakı Silikon Vadisi və Rusiyadakı Skolkovo layihələrindən fərqli olaraq Azərbaycandakı Silikon vadisinin tikintisində əsl silikondan istifadə olunacaq. Bu məqsədlə sifariş olunacaq silikonun ilk partiyası artıq ölkəyə gətirilib.

Azərbaycan şou-biznes ulduzları da adı çəkilən layihədə iştirak edəcəklər. Onlar öz silikonlarının bir qismini layihədə istifadə üçün ianə edəcəklər. Bir neçə ay öncə öz dodaqlarından silikonlarını çıxaran Aygün Kazımovanın həmin hərəkətinin arxasında da məhz bu səbəbin dayandığı bildirilir.

Layihədə iştirak edən inşaat şirkətinin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə şou-biznes ulduzlarının ianə etdiyi silikonlar xüsusi muzeydə sərgilənəcək.

Silikon Vadisinin tikiləcəyi ərazi hələ dəqiq bilinməsə də ekspertlər onun ya Şəki-Zaqatala, ya da Quba-Xaçmaz bölgəsində yerləşəcəyini ehtimal edirlər.

Written by Ali S. Novruzov

Oktyabr 16, 2010 at 5:37 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,

Ayı kababı Kremli təşvişə saldı

with one comment

Azərbaycanlı oliqarx oğlunun bir işarəsi Moskvanı Ermənistanın qucağına atdı

Avqustun 20-də Yerevanda Ermənistan və Rusiya arasında iki ölkənin prezidentlərinin imzaladığı hərbi müdafiə paktının pərdəarxası məqamları yavaş-yavaş aşkara çıxır.

AzQosKomediyanın adının çəkilməsini istəməyən Kremlə yaxın mənbədən aldığı məlumata görə rəsmi Moskvanı Ermənistanın qucağına atan bu müqavilənin arxasında məşhur “ayı kababının” Rusiyanın hakim dairələrində yaratdığı rezonans dayanır.

Xatırladaq ki, hələ iyulun 2-də Azadlıq qəzetinin yaydığı məlumata görə Azərbaycanlı bir oliqarx oğlu digər bir oliqarxa məxsus ayını kabab etdirərək yemişdi. İlk baxışdan dəliqanlı hərəkəti kimi görünən bu hadisə bir çox politoloqların fikrincə öncədən planlaşdırılmış və Rusiyaya ünvanlanmış incə bir jest idi.

Məsələ ilə bağlı rəyini soruşduğumuz politoloq Azər Məmmədov “ayı kababı” əhvalatının məhz Rusiyaya ötürülən incə mesaj olduğuna heç şübhə etmədiyini bildirib. Onun fikrincə təam kimi ayının və “qonaqlığın” yeri kimi Qəbələnin seçilməsi də təsadüfi deyildir – ayı Rusiyanın qeyri-rəsmi simvoludur və Rusiyanın Azərbaycandakı yeganə hərbi obyekti – radiolokasiya stansiyası Qəbələdə yerləşir.

“Bu, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə Azərbaycanın özünəməxsus tərzdə etirazı idi və çox təəssüf ki, Rusiya öz səhvini düzəltmək əvəzinə, Ermənistanın kölgəsinə sığınmağı üstün tutdu,” Azər Məmmədov müxbirimizə bildirib.

Politoloq Vəfa Quluzadənin rəyini öyrənmək üçün onunla əlaqə saxlamağa cəhd etsək də, o, istirahətdə olduğundan müsahibəmiz baş tutmadı. Amma Vəfa müəllimin telefonundakı avto-cavab aparatı aşağıdakıları bildirdi: “Şübhəsizdir ki, Rusiya dağılacaqdır, məhv olacaqdır və son illərin hadisələri onu göstərir ki, proseslər qaçılmaz olaraq bu istiqamətdə gedir.”

Written by Ali S. Novruzov

Avqust 26, 2010 at 7:03 səhər

Kateqoriya:Məqalələr

Tagged with ,

ANS-in araşdırması inanılmaz faktlar ortaya qoydu

with one comment

Azadlıq Radiosu ABŞ-dan maliyyələşirmiş!

ANS telekanalının apardığı jurnalist araşdırması Azadlıq Radiosu barəsində inanılmaz faktlar aşkarlayıb. Sən demə Azadlıq Radiosu heç də Azərbaycan radiosu deyilmiş. Bu yaxınlarda çəkilməli olan “Qurdlar Vadisi – Azərbaycan” adlı türk serialının ssenarisinə eksklüziv baxış keçirən ANS jurnalistləri Azadlıq Radiosunun ABŞ tərəfindən maliyyələşdirildiyini ortaya çıxarıblar.

Telekanal rəhbərliyindən AzQosKomediyaya verilən açıqlamada bildirilir ki, Azadlıq Radiosunun maliyyəsinin dəqiq mənbəyi də onlara məlumdur – bu, nə qədər inanılmaz görünsə də birbaşa ABŞ Konqresinin özüdür.

Bundan əlavə Azadlıq Radiosu əslində heç müstəqil qurum da deyilmiş. O, mərkəzi ofisləri Vaşinqton və Praqada yerləşən Azad Avropa / Azadlıq radiolarının Azərbaycandakı bürosu imiş!

ANS-in İç Xəbər proqramına bu barədə müsahibə verən Mir Şahin Ağayev isə bildirib ki, onlar əllərində olan faktlarlarla Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, Mətbuat Şurasına, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova və bütün lazımi yerlərə artıq müraciət ediblər.

“Biz Azərbaycana qarşı böyük bir təxribatın və konspirasiyanın üstünü açmışıq. Artıq ikinci dəfədir ki, ANS Azərbaycan dövlətçiliyini məhvdən xilas edir. Biz bir dəfə Türkiyənin ölkəmizdə dövlət çevrilişi planlarına mane olmuşuq, indi isə ABŞ-ın planlarını qarışdırdıq. Əminik ki, müvafiq orqanlar artıq lazımi ölçülər götürürlər,” Mir Şahin İç Xəbərə belə deyib.

Sonda Mir Şahin əlavə edib ki, ANS Azərbaycan dövlətçiliyinin keşiyində bundan sonra da sayıq dayanacaq.

Written by Ali S. Novruzov

Avqust 17, 2010 at 10:07 axşam

Osminoq Qarabağı Azərbaycana qaytardı

leave a comment »

Ziyalılar Oberhauzenli onurğasıza Prezidentdən “Şöhrət” ordeni istədilər.

Futbol üzrə son dünya çempionatı zamanı oyunların qalibini öncədən müəyyən etməklə bəşəriyyəti heyrətə salan Oberhauzenli osminoq Paul Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də qoşulub.

Minsk qrupunun həmsədrlərinin çoxsaylı xahişlərindən sonra ağır vasitəçilik missiyasını öz üzərinə götürən səkkizayaqlı ilbiz 20 ildən çoxdur ki, öz həllini tapmayan münaqişəyə dərhal son qoyub. Belə ki, Paul Azərbaycan bayrağı qoyulmuş qabdakı yeməyi Ermənistan bayrağı qoyulmuş qabdakı yeməyə tərcih etməklə Qarabağın da Azərbaycana qaytarılması barədə yekun qərar qəbul edib.

Osminoqun qərarı Bakıda böyük sevinc və yüksək əhval-ruhiyyə içərisində qarşılanıb. Paulun şərəfinə üç gün rəsmi bayram elan olunub və üçüncü günün sonu dünyadada analoqu olmayan atəşfəşanlıq planlaşdırılır.

Azərbaycan Yazıçılar Birliyi, Aşıqlar Birliyi, Jurnalistlər Birliyi, Bəstəkarlaq İttifaqı və Milli Elmlər Akademiyası isə Prezidentə birgə müraciət ünvanlayaraq osminoq Paula “Şöhrət” ordeni verilməsini xahiş ediblər. Müraciətin təşəbbüskarı Professor Yaqub Mahmudlu AzQosKomediyaya eksklüziv açıqlamasında bildirib ki, Paulun damarlarında türk qanının axması şübhəsizdir.

“Tanrı bu ilahi ədaləti yalnız türkə verə bilər,” deyə Professor Mahmudlu əlavə edib.

Ermənistan tərəfi osminoqun seçimi ilə bağlı hələ ki, heç bir rəsmi mövqe bildirməyib. Lakin İrəvandan alınan qeyri-rəsmi məlumatlara görə dövlət idarələrində bayraqlar artıq endirilib, bir qrup Daşnaksütun üzvü isə zooparkda kütləvi sui-qəsd edib.

Written by Ali S. Novruzov

İyul 12, 2010 at 8:58 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,

Parlament toplaşmaq azadlığı haqqında yeni qanun qəbul etdi

with 2 comments

Milli Məclis bundan sonra iclaslarını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalı olacaq.

İyunun 18-də parlamentin növbədənkənar iclasında «Toplaşmaq azadlığı haqqında» qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Bu qanun qüvvəyə minəndən sonra Milli Məclis və onun tərkibində fəaliyyət göstərən komitələr öz iclaslarını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə almalı olacaqlar.

Qanun layihəsinin müəllifi, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib ki, məqsəd vətəndaşların istirahət hüququnu təmin etmək və onların həyat və iş fəaliyyətlərinə maneçilik törətməməkdir.

Məsələyə münasibətini bildirən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, şəhərin mərkəzində kütləvi aksiyaların keçirilməsinə icazə verilmir, lakin parlamentin gördüyü işlərin müstəsna əhəmiyyətini nəzərə alaraq deputatlara şəhərin mərkəzində toplaşmağa icazə vermək olar.

Written by Ali S. Novruzov

İyun 18, 2010 at 4:35 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,