Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Akademik Lütfi Zadə işdən çıxarılıb

with 4 comments

90 yaşlı akademik, qeyri-səlis məntiqin yaradıcısı Lütfi Zadə noyabrın 7-də Berklidəki Kaliforniya Universitetində tutduğu professor vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə AzQosKomediyaya eksklüziv olaraq akademikin qohumları məlumat veriblər.

Lütfi Zadə Berklidə kompyuter elmləri, məntiq, riyaziyyat, fizika və elektromühəndislik sahəsi üzrə dərs deyirdi.

Universitet rəhbərliyi akademikin işdən çıxarılmasını onun Kaliforniya ştatının əmək məcəlləsini pozması ilə əlaqələndirsə də, əksini deyənlər də var. Onlar iddia edirlər ki, akademik öz ictimai-siyasi mövqeyinə görə hakimiyyət tərəfindən cəzalandırılıb.

Lütfi Zadə son vaxtlar ABŞ Prezidenti Barak Obamanın və Konqresin iqtisadi siyasətini kəskin tənqid edir, milli birliyin pozulmasında və əxlaq böhranında onları günahkar sayırdı.

Lütfi Zadə son olaraq noyabrın əvvəli Nyu-Yorka səfər etmiş və “Uol-Striti işğal et” (Occupy Wall Street) hərəkatına canlı dəstək olmuşdu.

Amerikanın tanınmış ziyalısı, məşhur siyasi aktivist Noam Çomski hesab edir ki, Lütfi Zadəyə qarşı təzyiqlərin arxasında birbaşa Ağ Ev dayanır:

Təbii, biz hamımız hər şeyi bilirik. Bu təzyiqlər birbaşa Vaşinqtondan gəlir. Amma onlar bilmirlər ki, bu yollarla biz ziyalıları susdura bilməzlər. Daha susmaq olmaz, biz uçuruma gedirik.

ABŞ-ın müxalifətdə olan Respublikaçılar partiyası Lütfi Zadəyə artıq öz dəstəyini bildirib və Berkli Universitetinin bu qərarını qınayıb. Facebook və Twitter isə akademikə dəstək mesajları ilə doludur.

Azərbaycan Dövlət Neft Akademiyası da Lütfi Zadəyə dəstək aksiyasına qoşulub. Akademiyanın rektoru Siyavuş Qarayev Lütfi Zadəni dərs demək üçün Bakıya dəvət edib. Neft Akademiyasında akademik azadlığa həmişə müqəddəs yanaşıldığını deyən rektor, Lütfi Zadə üçün xüsusi kafedranın yaradılacağını da vəd edib.

Written by Ali S. Novruzov

November 9, 2011 at 8:36 pm

Nobelçi alim BDU-nun fəxri doktoru adına layiq görüldü

şərh yazın »

Əhməd Zeveyl: “Mən bu dünyada da, o dünyada da elmin zirvəsinə çatdım”

Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zeveyl Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb. Bu münasibətlə oktyabrın 10-da keçirilən mərasimdə Zeveyl hətta göz yaşlarını saxlaya bilməyib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib ki, dünyada 800 nəfərə yaxın Nobel mükafatçısı olsa da, onların arasında BDU-nun fəxri doktoru adı şərəfinə layiq görülən ilk və hələ ki, yeganə şəxs Əhməd Zeveyldir.

Zeveyl 1946-cı ildə Misirdə anadan olub, ali təhsilini İsgəndəriyyə şəhərində aldıqdan sonra ABŞ-a gedib və Pensilvaniya Universitetində doktorluq dərəcəsinə yiyələnib. Hal-hazırda Kaliforniya Texniki İnstitutunda dərs deyir, ABŞ Prezidentinin Elm və Təhsil üzrə Müşavirləri Şurasının üzvüdür. Kimyəvi reaksiyaların keçid mərhələlərinin öyrənilməsində uğurlarına görə 1999-cu ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb.

Əhməd Zeveyl dünyada elmin və demokratiyanın inkişafına verdiyi töhfələrinə, o cümlədən sülhməramlı fəaliyyətinə görə isə BDU-nun Böyük Elmi Şurasının 8 oktyabr 2011-ci il tarixli qərarı ilə BDU-nun fəxri doktoru adına layiq görülüb.

Abel Məhərrəmovun əlindən fəxri doktor mantiyası və diplomunu alan Zeveyl öz nitqində deyib ki, artıq bu dünyada da, o dünyada da elmin zirvəsinə çatıb. Bundan sonra rahatlıqla təqaüdə çıxa və memuarlarını yaza bilər.

AzQosKomediyaya daxil olan eksklüziv məlumata görə, bu xəbər Türkiyəli yazıçı Orhan Pamuku depressiyaya salıb. Bu il də BDU-nun fəxri doktoru adını ala bilməyən yazıçının yaxınlarına dediyinə görə, onu ancaq qardaş Azərbaycandan alacağı belə bir etimad sağalda bilər. O hətta növbəti romanı üzərində işi də yarımçıq buraxmalı olub.

Written by Ali S. Novruzov

Oktyabr 10, 2011 at 5:34 pm

Azərbaycan hökuməti inqilab etmək qərarı verdi – EKSKLÜZİV

with 6 comments

Rüşvət və konvertdən kəsilən məmurların ayağa qalxması gözlənilir

Azərbaycan hökuməti özünün növbədənkənar iclasında ölkədə təcili sürətdə inqilab etmək barədə yekdil qərar qəbul edib. Müvafiq icra orqanlarına inzibati resurslar hesabına olsa belə, Azadlıq meydanını doldurmaq əmr olunub.

Azərbaycanda inqilabi situasiya yaratmaq və çevrilişə nail olmaq üçün Nazirlər Kabinetinə bütün lazımi tədbirlər görmək həvalə olunub, inqilabın koordinasiyası üçün Siyasi İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun rəhbərliyi ilə xüsusi qərargah da yaradılıb.

AzQosKomediyaya eksklüziv açıqlamasında Mübariz Əhmədoğlu hökumətin inqilab qərarını onunla izah edib ki, Ermənistanda vəziyyət gərginləşməkdədir və bədnam qonşularımız hər an inqilab edə bilər. Bu məqsədlə də Azərbaycan hökuməti erməniləri qabaqlamaq barədə strateji qərar qəbul edib.

“Biz oturub Azərbaycanda müxalifətin və ya xarici qüvvələrin inqilab etməyini gözləsək, Ermənistanla rəqabəti uduza bilərik. Bu həm qiymətli vaxt itkisidir, həm də reallaşması olduqca dumanlı perspektivdir. Apardığımız araşdırmalar göstərir ki, Yaxın və Orta Şərqi bürüyən inqilab dalğasının Azərbaycana təbii yolla gəlib çatmasına hələ çox var. Bunun üçün də hökumət dərhal məsələyə müdaxilə etməlidir.”

Mübariz Əhmədoğlu inqilabın reseptini açmasa da, bildirib ki, inqilabi proseslər tam şəffaflıq şəraitində və beynəlxalq müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək.

Adının çəkilməsini istəməyən hökumətə yaxın mənbədən aldığımız məlumata görə isə inqilabın resepti olduqca sadədir və son günlər ölkədə korrupsiyaya qarşı aparılan kampaniya bunun əsas komponentidir.

“Rüşvət ala bilməyən və konvertlərdən məhrum olan məmurlar özləri də bilmədən təxribata çəkilir və onlar arasında süni surətdə narazılıq yaradılır. Qəzəbli məmur, müəllim, həkim kütləsinin Azadlıq meydanına toplaşmasına çox az qalıb. Əgər heç kim ayağa qalxmasa belə, inzibati resurslar hesabına meydanı doldurmaq tapşırığı verilib.”

Hadisələrin sonrakı gedişatı haqqında xəbərsiz olduğunu deyən mənbənin sözlərinə görə inqilabi qərargah detallar üzərində işi hələ tam başa çatdırmayıb.

“Bir onu deyə bilərəm ki, bu, Tunisdəki, Misirdəki hadisələrə heç bənzəməyəcək. Bu, analoqu olmayan inqilab olacaq.”

Written by Ali S. Novruzov

Fevral 18, 2011 at 11:45 pm

Posted in Məqalələr

Tagged with ,